31 Oktyabr - "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən peşə təhsili proqramı uğurla başa çatdı!
“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin məskunlaşması və sosial rifahının təmin edilməsi məqsədilə həyata keçirilən peşə təhsili proqramı uğurla başa çatdı.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə “Accelerated Career Academy” MMC tərəfindən təşkil olunan “tikişçi” peşə hazırlığı kurslarının ilk mərhələsi uğurla yekunlaşıb. 163 nəfər müdavim tədris prosesini müvəffəqiyyətlə tamamlayaraq, işlə təmin olunmaq üçün hazırlanıb. Onlar yaxın vaxtlarda Xankəndi şəhərində təməli Azərbaycan və Özbəkistan Respublikalarının Prezidentləri tərəfindən qoyulmuş tikiş fabrikində işlə təmin olunacaqlar.
Kursu müvəffəqiyyətlə başa vuran məzunlara sertifikatların təqdim olunması məqsədilə 31 oktyabr 2024-cü il tarixində Xankəndi şəhərində, Qarabağ Universitetində təntənəli mərasim həyata keçirilmişdir. Mərasimdə dövlət xadimləri, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri, Qarabağ Universitetinin rəhbərliyi, eləcə də iş adamlarının təmsil olunduğu İşgüzar Klub, media və incəsənət nümayəndələri iştirak etdilər.
Bu təşəbbüs Böyük Qayıdış Dövlət Proqramının mühüm bir hissəsi olaraq, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə peşəkar inkişafını dəstəkləmək, onların iqtisadi fəaliyyətlərə cəlb olunmasını sürətləndirmək və sosial rifahını təmin etmək məqsədilə həyata keçirilir.